Mənim XALQIM!!! 3. Yol gələcəkdir.
Оставьте комментарий28.08.2016 от Admin
Yol hər şeydən əvvəl istəkdir. Yollar istəklərdən doğur. Insanın içindən baş qaldıran istək yavaş-yavaş arzuya çevrilir, sonra niyyət oluşur, yola qoyulur. Istəklər bəzən bir həvəs kimi keçir, arzular sönür, niyyət unudulur. Yollar yaddan çıxır. Bəzən insana elə gəlir ki, yollar bitir. Amma yollar heç zaman bitmir, yollar yol ayrıcığında başqa yollara başlanğıc olur. Yollar gediş-gəliş olmayanda unudulur. Üzüyün qiyməti qaşında, gülün qiyməti başında, yolun da qiyməti yolçusundadır. Ona görə də, babalarımız „yoldaşını göstər, sənin kim olduğunu söyləyim“ demişlər. „Yol yoldaşını yaxşı seç“ demişlər, „hər kəslə yola çıxılmaz“ demişlər.
Yol meyardır. Ölçü vahidir, yol insanın məhek daşıdır. Insanın yaxşısı, pisi yolda tanınır. Safı, çürüyü yolda bəlli olur. Soruşurlar: qardaşın necə adamdır? Cavab verirlər ki, bilmirəm, yol yoldaşı olmamışam.
Yollar sevgiyə çevriləndə, bir tutquya dönüşəndə bitməz. Ömür bitər, yollar bitməz. Əsil yollar sevgidən doğur, əsil yollar elə sevginin özüdür, əsil yollar sevgiyə götürür…
Yol seçimdir… Haraya? Irəlimi, gerimi? Sağamı, solamı? It hürən tərəfə, yoxsa, işıq gələn tərəfə? Işıqlı dünyaya, yoxsa qaranlıq dünyaya? Çox zaman bu seçimi bizim yerimizə bir başqaları edir. Talehinizi başqalarının əlinə buraxmayin! Kiminlə yola çıxdığınıza diqqət edin! Yol içindən gələn səsdir. Onu dinləyin, qərarınızı elə verin!
Yol gələcəkdir. Yol sabahdir. Yol ümüdə yolçuluqdur. Yol ümüdün özüdür! Firudin Dugi